MƏMMƏD SƏİD ORDUBADİ (1872-1950)


Ictimai xadim, yazıçı M.S.Ordubadinin adı vətənimizin hər yerində iftixarla çəkilir. O, yarım əsrdən artıq bir dövrdə xalqımızın azadlığı, səadəti, tərəqqisi yolunda çalışmışdır. Istedadlı ədib, xüsusilə, nəsrimizin inkişafında böyük iş görmüşdür. Məmməd Hacı Ağa oğlu Səid Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində anadan olmuşdur. Atası Hacı Ağa Məhəmməd oğlu müəllim idi., ailəsini çətinliklə dolandırırdı. Anası İran Azərbaycanından olan Pənah adlı bağbanın qızı idi. Atası Hacı Ağanı şair kimi tanıyırdılar. Yoxsul olduğuna görə fəqir təxəllüsünü qəbul etmişdir. Hacı Ağa Fəqir Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” adlı şairlər məclisinin fəal üzvü və yaradıcılarından biri olmuşdur.
Ordubadi ilk təhsilini atasından almışdır. Atasının ölümündən sonra onun əsas müəllimi Məmməd Tağı Sidqi olmuşdur. O, Sidqinin “Əxtər” adlı dördsinifli məktəbində təhsil almışdır. Atasının ölümündən sonra 14 yaşından Ordubadi ipək və barama fabrikində işləmişdir. Şair ailəsində doğulan Ordubadi kiçik yaşlarından şeir yazmağa başlamışdır. Lakin ilk şeirlərindən az nüsxə qalmışdır. Təqib edildiyindən yaşayış yerini tez-tez dəyişməyə məcbur olmuş, həbs və sürgün nəticəsində ilk əsərlərinin çox hissəsi itmişdir. Ordubadinin mətbuatda ilk şeiri 1903-cü ildə dərc olunmuşdur. Bu şeirdə, o, ana dilində çıxan qəzetin nəşrindən hədsiz sevincini bildirmişdir. Şairin ilk kitabı “Qəflət”, 1906-cə ildə Tiflisdəki “Qeyrət” mətbəəsində çap edilmişdir. Ikinci kitabı “Vətən və hürriyyət” 1907-ci ildə çıxmışdır. Ilk kitaba görə din xadimləri onu kafir adlandırırmış, məclislərdən, məscidlərdən uzaqlaşdırmışdılar. “Vətən və hürriyyət” kitabının yayılmasından sonra isə onunla çar jandarm idarəsi maraqlanmağa başladı. Evində axtarışlar aparıldı, həbs olundu. Nəzarət altında saxlanıldı. Ordubadidə azadlıq, istiqlaliyyət fikirləri gücləndikcə, təqib və təhdidlər də gücləndi. 1905-ci il inqilabı Məmməd Səid Ordubadi yaradıcılığına böyük təsir göstərmişdir. Məscidlərdən ayağı kəsilən ədib gizli fəaliyyət göstərən təşkilatlara ayaq açmağa başlayır. Burada Ordubadi sosialist ideyaları ilə, gizli marksist ədəbiyyatı ilə tanış olur. Get-gedə Ordubadda yaşamaq çətinləşirdi. Şair hər yerdə kafir adlandırılır, təhqir edilirdi. Bu təqiblərdən, təhqirlərdən yaxa qurtarmaq üçün ədib 1908-ci ildə Ordubaddan Culfaya köçür. O burada Əliqulu Qəmküsar, Nəsrulla Şeyxov, Baxşalı Ağa Şaxtaxtlı və b. tərəqqipərvər həmvətənləri ilə birlikdə siyasi-ictimai işlərdə iştirak edirdi. Culfada gizli fəaliyyət göstərən “Hümmət” bolşevik təşkilatının üzvü kimi iş aparan ədib İran Azərbaycanına gedir və orada baş verən inqilabi hərəkatda iştirak edir. Culfada Ordubadi jurnalistik fəaliyyəti üçün də əlverişli şərait tapmışdı. O, Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalına yazılar göndərir, “İrşad”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə müxbir sifətilə müntəzəm əməkdaşlıq edirdi.
M.S.Ordubadinin jurnalistik fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı xüsusi yer tutur. Jurnalın 1906-cı il 4-cü nömrəsindən başlayaraq axırıncı nömrəsinə, yəni 25 ilə yaxın bir müddətdə ədib jurnalda iştirak etmişdir. “Hərdəmxəyal”, “Divanə”, “Qardaşım İbrahimə” və s. imzalarla jurnalda onlarla felyetonlar çap etdirmişdir. Bu felyetonların mövzu dairəsi çox geniş olurdu. Bunlar günün ən vacib məsələlərinə həsr olunmuş satiralardır. Zəhmətkeş xalqın düşmənləri – mülkədarlar, bəylər, xanlar, din nümayəndələri, müftəxor seyid, dərviş, molla və vaizlər, şahlar, sultanlar, çar məmurları, xalqını bəyənməyən ziyalılar və s. həmin satiraların tənqid hədəfi idi. Culfa dövründə Ordubadinin yaradıcılığında əsas yeri İran Azərbaycanında gedən inqilabi hərəkata dair əsərlər tutur. Ümumən, cənub mövzusu M.S.Ordubadinin yaradıcılığında əsas mövzulardandır. 1908-ci ildə “İki cocuğun Avropaya səyahəti” Ordubadinin birinci romanı idi. Burada Ordubadi Şərq ölkələrinə nisbətən Avropa şəhərlərindəki tərəqqini faktlar, rəqəmlərlə vermiş və bununla da həmvətənlərini qəflət yuxusundan ayıltmaq istəmişdir. Bütün bunları, o, Avropaya gedən iki dostun yazışması ilə verir. Sonrakı on məktubda isə Avropanın inkişaf etmiş şəhərlərindəki tərəqqi və təqdirə layiq cəhətlərdən bəhs olunur. Bu on məktubdan təsirlənən Ordubadi öz maarifçilik fikirlərini əsasən ikinci romanı olan “Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab”da ifadə etmişdir.
Bu romanda ədib ölkənin ağır, dözülməz vəziyyətini, irtica qüvvələrinin azğınlığını açıq şəkildə göstərmişdir. Romanın müsbət qəhrəmanı Rzaqulu xan dövrünün ictimai bəlalarını görür və onlarla barışa bilmir. Onun arzuları irticanın sərt qayalarına toxunaraq puç olur. O məhv olsa da, yeni fikirləri ilə iz qoyub gedir. Onun arzuları ilə bacarığı arasındakı ziddiyyət xüsusilə qeyd edilməlidir. Iranda böyük islahat aparmaq, azad mətbuat yaratmaq, dəmir yolları çəkmək, kəndlilərinin vəziyyətini düzəltmək istəyən Rzaqulu xan şəxsi həyatında təkcə öz arvadı Böyükxanımla mübarizə apara bilmir və öz ailə həyatını istədiyi kimi qurmağı bacarmır. Xəyalpərəst Rzaqulu xan çox vaxt evdə, stolunun arxasında oturub həyəcanla düşünür, ah-uf edir. Rzaqulu xanın arvadı Böyükxanım ona nisbətən çox qüvvətlidir. O, iş adamıdır, onun arzuları ilə bacarığı arasında ziddiyyət yoxdur.
Iran inqilabında iştirakı və ümumiyyətlə, çarizm əleyhinə fəaliyyətinə görə M.S.Ordubadi daimi nəzarət altında saxlanırdı. I Dünya müharibəsi ərəfəsində Culfada fəaliyyət göstərən qrupun üzvləri bir-bir həbs edildi, sürgünə göndərildi. M.S.Ordubadi qaçıb qurtarmaq üçün Culfadan Ordubada gəlir, oradan Bakıya getmək istəyir, lakin bu mümkün olmur. Onu həbs edirlər. Sürgün yerini seçməyə də icazə verməyərək Sarıtsinə göndərirlər.
1914-1919-cu illər Ordubadinin həyatında və fəaliyyətində sürgün dövrü adlanır. Bu çox ağır, üzücü, təlatümlü, lakin ibrətamiz dövr idi. Sarıtsində ağır imtahanlar başlayır: aclıq, ehtiyac, vərəm. Iki ilə yaxın ədib xəstə yatır. Sonra evlənərək ailə qurur. Lakin Ordubadi imkan tapınca ədəbi yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir. 1915-ci ildən başlayaraq “Yeni yol”, “Əqrəb”, “Məzəli”, “Tuti”, “Molla Nəsrəddin”, “Hümmət” və s. jurnal, qəzet və məcmuələrdə ədibin satirik imzası “Hərdəmxəyal” yenə də tez-tez görünməyə başlayır. 1917-ci il fevral inqilabı ilə Ordubadi sürgündən azad olunur. M.S. Ordubadinin 1919-cu ildə Sarıtsindən Həştərxana göndərilmişdir. Həştərxana gəldikdən sonra fəaliyyəti daha səmərəli olmuşdur. Bakıda yaranmış olan (1919), sonra isə Həştərxanda fəaliyyət göstərən “Hümmət” qəzetində redaktor vəzifəsində çalışmışdır. 1920-ci ilin yazında Dağıstanda Sovet hakimiyyətinin qurulması xəbəri Həştərxana çatanda, partiya M.S.Ordubadini dağlar diyarına göndərdi. Beləliklə, o, Dağıstanda poliqrafiya bazası yaratmaq üçün coşğun fəaliyyətə başladı. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra 1920-ci il mayın əvvəllərində Qafqaz İnqilab Komitəsinin Dağıstan bölməsi onu öz xahişi ilə Bakıya göndərir.
M.S.Ordubadinin 20-ci illərdəki yaradıcılığı olduqca zəngin və ədəbi növlərin rəngarəngliyi ilə seçilən məhsuldar bir dövrdür. Oxucular onun “Analıq”, “Mənim şeirlərim”, “Mollanın yuxusu”, “Kənd alverçisi”, “Köhnə adamlar” kimi poeziya məcmuələri ilə tanış oldular. Ordubadi Azərbaycan dilində çıxan mətbuat orqanlarının demək olar ki, hamısında fəal əməkdaşlıq edir: “Əxbar”, “Kommunist” qəzetlərində, “Füqəra füyuzatı” və “Molla Nəsrəddin” jurnallarının redaktor müavini, “Yeni yol” qəzetində redaktor vəzifəsində çalışmışdır. Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri oldu. Onun “Dinçilər”, “Sabotajçılar”, “Cəmiyyət-əqvami”, “Oktyabr inqilabı”, “Sədəf” və digər pyesləri Bakı teatrlarının səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyuldu. Təkcə Azərbaycanda deyil, ümumən ölkəmizdə ilk operalardan olan, öz inqilabi mövzusu ilə yeni tipli əsərlər içərisində xüsusi yer tutan “Nərgiz” operasında da (1935) inqilab mövzusu işlənmişdir. Opera istedadlı bəstəkar Müslüm Maqomayevlə Məmməd Səid Ordubadinin bir neçə illik birgə zəhməti nəticəsində yaranmışdır. əvvəlcə Ordubadi radio üçün kiçik bir dramatik süjet yaratdı. Maqomayev ona musiqi yazdı. Əsər radioda verildi və təqdir olundu. Bu “Çobanlar” adlı pyes idi. Bundan sonra müəlliflər həmin süjet əsasında opera yaratmaq fikrinə düşdülər, işə başladılar. “Nərgiz” operası böyük müvəffəqiyyət qazandı və yüksək qiymətləndirildi. Nərgiz” operasında Ordubadinin şeiri operanın musiqisinə uyğun olaraq olduqca rəvan, ahəngdar və əlvandır. Müəlliflər sadəliyə, reallığa və xəlqiliyə xüsusi diqqət vermişlər. Axı mövzu xalqın, kənd camaatının həyatını təsvir edir. Ü. Hacıbəyovun “Koroğlu” operasının (1937), Ə.Bədəlbəylinin “Nizami” operasının (1940), F.Əmirovun “Ürək çalanlar” musiqili komediyasının, S.Rüstəmovun “Beş manatlıq gəlin” (1948) operettasının libretto mətninin müəllifi məhz M.S.Ordubadidir.
Otuzuncu illərdən etibarən M.S.Ordubadi geniş epik lövhələr ustası, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət qazandı. 1933-cü ildə müəllifə təkcə Azərbaycan oxucularının deyil, həm də rus dilində oxuyan ədəbiyyat həvəskarlarının haqlı məhəbbətini qazandıran “Dumanlı Təbriz” romanının birinci hissəsi çapdan çıxdı. Bu əsərdə igid Səttərxanın başçılığı ilə Cənubi Azərbaycanda xalq kütlələrinin azadlıq, istiqlaliyyət və demokratiya uğrunda qüdrətli hərəkatı özünün bədii əksini tapmışdır. Roman yazılarkən müəllifin şəxsi görüşləri, İran mücahidləri ilə görüşləri, inqilabi fəaliyyəti dövründə topladığı sənədlər və faktlar ona xeyli kömək etmişdi. Ordubadi bu münasibətlə yazırdı: “Təbrizdə baş verən bu hərəkat beşinci il Rusiya inqilabının nəticəsi olduğundan bizim hər birimiz üçün tanış və doğma bir hərəkat sayılırdı. Xüsusən, mənim Səttərxanla olan köhnə tanışlığım və onun bu hərəkatı idarə etməsi, məni bu hərəkata cəlb etməyə bilməzdi. Buna görə də Azərbaycan inqilabı qəhrəmanına həsr etdiyim bu romanı yazmağa başladım.” Qeyd etmək lazımdır ki, ilk dəfə idi ki, Şərq romanı oxucunu sehrli aşiqanə-aləm əvəzinə xalqın vəziyyətini, ictimai-siyasi həyatı, inqilabi mübarizələr əks etdirən yeni bir aləmə daxil edirdi. Xalqın inqilabi keçmişi ilə həmişə artıq dərəcədə maraqlanan Ordubadi tarixi boyu qəhrəmanlığı, üsyankarlığı ilə fərqlənən Təbriz şəhərinin əzəmətli heykəlini yaratmışdır.
Inqilabi mövzularla dərindən maraqlanan ədib “Dumanlı Təbriz” romanı ilə bir vaxtda Bakıda fəhlə hərəkatı tarixini öyrənməyə və bu barədə roman yazmağa başlayır. Yeni romanında Ordubadi Azərbaycanda sosialist inqilabı uğrunda gedən mübarizələri əvvəldən axıra qədər əhatə etmək istəyirdi. Bunun üçün də, o bir silsilə romanlar yazmağı düşünmüşdü. Bunlardan birincisi “Gizli Bakı”dır. Bu roman üzrə ədib 1933-cü ildən 1940-cı ilə qədər işləmişdir.
“Dumanlı Təbriz” ilə ədəbiyyatımızda novator romançı kimi mühüm addım atan M.S.Ordubadi “Gizli Bakı” romanı ilə daha da bir yeni mühüm addım atmış oldu. “Gizli Bakı” romanı ədəbiyyatımızda partiya tarixi, inqilabi hərəkat tarixi mövzusunda yazılmış birinci roman kimi xüsusi əhəmiyyətə malikdir. Bu ədibin yaradıcılığında da Bakıya və onun şanlı inqilabi keçmişinə dair ilk iri, görkəmli nəsr əsəridir.
“Gizli Bakı” (1933-1940) XIX əsrin sonlarından başlayaraq, 1918-ci ilə qədər Bakıda fəhlə hərəkatı tarixini əhatə edir. Romanın birinci kitabında hadisələr təxminən 1896-1897-ci ildən başlayaraq 1905-ci il inqilabı dövrünə qədər çatır. "Gizli Bakı” nəşriyyatda ikən Ordubadi trilogiyanın ikinci hissəsi olan “Döyüşən şəhər” romanını yazdı və Azərbaycanda Sovet hakimiyyətinin 15-ci ildönümü münasibətilə elan olunmuş ən yaxşı ədəbi əsərlər müsabiqəsinə təqdim etdi. Roman müsabiqədə mükafata layiq görüldü.
Trilogiyanın üçüncü hissəsi “Dünya dəyişir” adlanır. Əsərdə ədib göstərir ki, yeni dünya uğrunda gedən mübarizə uğurla nəticələnir. Əsərin əsas qəhrəmanı inqilabçı S.M.Kirovdur. Ədib bu surəti böyük qəhrəmanlıqla yaratmışdır. Əsər Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə başa çatır.
“Qılınc və qələm” əsərini ədib 1939-1941-ci illərdə yaratmışdır. Əsər 1946-1948-ci illərdə çap olunmuşdur. 1940-cı ildə ədib Ə.Bədəlbəylinin “Nizami” operasının librettosunu yazmışdır. Müharibə dövrü ədibin yaradıcılığında böyük dönüş hiss olunur. O, əsərlərində xalqı vətənpərvərliyə, qalibiyyətə ruhlandırır. “Serjant İvanov adına körpələr evi” əsəri belə ibrətamiz əsərlərdəndir. Müharibə dövründə ədib bir sıra iri həcmli əsərlər də yaratmışdır. Onun “Gənc çekistlər” əsəri Azərbaycan ədəbiyyatında müharibə mövzusunda yazılmış ilk əsərdir.
Ədibin müharibədən sonrakı yaradıcılığında müasir mövzular mühüm yer tutur. Məsələn, “Təzə adam”, “Böyük tikintidə” (“Sumqayıt”) və s. əsərlərini göstərmək olar. O, dilimizə rus və dünya ədəbiyyatından tərcümələr etmişdir. Məsələn, Demyan Bedninin “Zeynətin andı”, “Mərkəzi küçə”, Rosininin “Sevilya bərbəri”, Puşkinin “Boris Qodunov” və s. əsərlərini göstərə bilərik.
Kommunist partiyası və Sovet hakimiyyəti onun xidmətlərini yüksək qiymətləndirmişdir. 1938-ci ildə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilmişdir. O, Lenin ordeni və fəxri fərmanlarla mükafatlandırılmışdır. O, Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.
M.S.Ordubadi özünü xoşbəxt hesab etməkdə haqlı olmuşdur. Həyatda hər şeydən çox sevdiyi vətənində yaşamış və yaratmış, xalqının sevimlisi olmuşdur.
1950-ci il mayın 1-də ədib uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Xalq öz oğlunu son mənzilə böyük izdihamla yola salmışdır. Onun əziz xatirəsi Azərbaycan xalqının xatirəsində daim yaşayacaqdır.